Vaginizm – həlli mümkündür!

Xüsusilə yeni evlənən cütlüklərinin həyatına ciddi şəkildə təsir edən vaginizm cəmiyyətimizdə kifayət qədər düzgün məlumatın olmadığı bir problemdir. Vaginizm evli olduğu halda cütlüklərin cinsi münasibətə girə bilmədiyi və nəticədə bir çox ailələrin dağılmasına səbəb olan narahatlıqdır. Bir çox cütlüklər yaşadıqları bu vəziyyətin nə olduğunu bilmədiyi üçün və ya bu problemin həlli barədə məlumatları olmadığı üçün çıxış yolu tapa bilmilər.
Vaginizm cinsi münasibətə girmə qorxusu olaraq bilinir. Yəni qadın istəmədən vagina girişindəki əzələlər sıxılaraq cinsi münasibəti əngəlləyir və ya ağrılı cinsi münasibət olacağını zənn edərək münasibət yaşanılmır. İki tərəfin də rahat olmadığı bu münasibət şəkli dəfələrlə dəyişdirilməyə çalışılsa da (bir çox hallarda düzgün olmayan metodlarla dəyişdirilməyə çalışılır), nəticəsi olmur. Əslində ortaya çıxan vəziyyətin qısa xülasəsi belədir: vaginizm penis-vagina birləşməsinə qadın bədəninin və ruhunun rədd etmə reaksiyasıdır.
Vaginizm qadının “birdən ağrılı-acılı, qanamalı olarsa” düşüncəsiylə ortaya çıxan stress, qorxu, təşviş hissi ilə özünü qoruma refleksi olaraq yaşanılır. Vaginizm yaşayan qadınlar üçün ən əhəmiyyətli anlayışlardan biri də kontrolsuzluqdur. Yəni qadın kontrolun və ya nəzarətin özündə olmasına ciddi ehtiyac duyur. Vaginizmdə kontrolsuz şəkildə ortaya çıxan bu qasılmalar bəzən toxunuşla, bəzən cinsi münasibəti xəyal edərkən, bəzən keçmişdə olan travmatik bir hadisəni xatırlayarkən, bəzən tampon, penis və ya qadının öz barmağının vaginaya yaxınlaşması ilə ortaya çıxa bilər. Əgər qadın həyatında ilk dəfə belə halla üzləşsə, sonra refleks olaraq ortaya çıxır və kontrol qadının əlində olmur. Kontrolsuzluq duyğusunu artıran digər ən əhəmiyyətli tərəf penisin vaginaya girmə prosesidir. Yəni qadın cinsi münasibətdə kontrolun onda olmadığını düşünür və zərər görəcəyinə dair fikirlər yaşayır. Vaginizm yaşayan qadınlar ginekoloji müayinədən çəkinirlər ki, bunun da səbəbi kontrolun əslində onlarda olmamasına dair düşüncəyə sahip olmalarıdır.
Vaginizmli qadın cinsi münasibətdə olacağı zaman qasılaraq ayaqlarını bağlayar, partyoru itələyərək ciddi şəkildə qorxu və təşviş yaşayar. Bəzi qadınlar bu hallarda özündən gedə bilər. Hər dəfə cinsi münasibətə girmək istəsə də, əvvəlki təcrübəsinin təsiri ilə daha çətin və ağrılı cinsi münasibət yaşayır, ya da heç yaşamır. Nəticədə həll olmayan bir proses təkrarlanır. Vaginizmdə yaşanılan qorxu və təşviş hər hansısa gerçəkliyə əsaslanmaz, əslində sonradan öyrənilmiş və səhv vasitələrlə möhkəmlənmiş duyğu və düşüncələrdir. Terapiyada cütlüyə gerçək olmayan bu düşüncələr yenidən düzgün şəkildə öyrədilir. Cütlüyün vaginizmi birlikdə həll edə biləcəklərinə dair inamları ən əsas dəstək faktorudur.
Aparılan tədqiqatlar onu göstərir ki, vaginizm yaşayan qadınlar əsasən psixoloji səbəblərə görə bu problem yaşayırlar. Cinsi münasibət zamanı ağrıya səbəb iltihablaşmalar, infeksiyalar, kistlər, quruluq, genital bölgədə olan anormallıqlar kimi fiziki səbəblər də ola bilər. Amma yuxarıda da qeyd etdiyimiz kimi, vaginizmin əsas səbəbi psixoloji faktordur. Aşağıdakı psixoloji səbəblərə görə vaginizm yaşanıla bilər. Bunlar: cinsi münasibətlə əlaqəli səhv məlumatlar, keçmişdə yaşanılan cinsi istismar, qızlıq pərdəsinə aid səhv məlumatlar, hamilə qalma qorxusu, cinsi münasibətin ağrılı-acılı olacağına dair qorxu, cinsi münasibətlərin pis və günah olduğuna dair inanc, cinsi münasibətlər haqqında miflər, uşaqlıq dövründə şokedici cinsi münasibət görüntüsünə məruz qalmaq, partnyora aid güvən əksikliyi, qadın olmanın rədd edilməsi, cinsi münasibətdən və cinsi orqandan iyrənmə, öz bədəni haqqında neqativ dəyərləndirmə, tələskən partyorun olması, cinsi münasibətlə əlaqəli az bacarıqların olmasıdır.
Vaginizmin ortadan qaldırılmasında hədəf sadəcə fizioloji simptomların ortadan qaldırılması olmamalıdır. Qadının cinsi münasibəti necə mənalandırması cinsi münasibəti ya həzli, ya da zövqsüz hala gətirir. Cinsi münasibətlər üzrə terapevtlər vaginizm kimi problemlərdə sadəcə fizioloji simptomların yox, eyni zamanda duyğu və düşüncələrin də yenidən inşasına nail olurlar ki, bu, vaginizm üçün ən dolğun həll yoludur. Sadəcə vaginaya hər hansı bir şəkildə penis və ya başqa bir vasitənin soxulması hədəf olmamalı, əsas hədəf qarşılıqlı zövq alınan bir münasibətin yaşanılması olmalıdır. Ona görə də əvvəlcə psixoloji əngəllər, sonra fiziki simptomlar ortadan qaldırılmalıdır. Vaginizm problemi olan cütlük əvvəlcə psixoloji cəhətdən münasibətə hazır hala gəlməli, sonra gözəl sevişmə sənətini öyrənərək bir daha belə problemin yaşanılmasını əngəlləməlidirlər. Əgər sevgi və həzz hədəfli cinsi münasibət üçün vaginizm ortadan qaldırılsa, sonradan ortaya çıxa biləcək cinsi istəksizlik, orqazm ola bilməmək kimi problemlər də əvvəlcədən əngəllənmiş olar.

Phd(c) Maarif Məmmədov
Uzman psixoloji konsultant
Cinsi münasibətlər üzrə terapevt

Yorumlar

Bu blogdaki popüler yayınlar

HPV -nin diaqnostikası və müalicəsi

Cinsi istəksizliyin müalicəsi.